BAKI, 10 yanvar. TELEQRAF
Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyaya məxsus kəşfiyyat pilotsuz uçuş aparatının ölkənin hava məkanına daxil olduğunu və zərərsizləşdirildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin (KMTA) yaydığı bəyanatda Koreya Xalq Ordusunun Baş Qərargah nümayəndəsinin açıqlamasına istinad olunub.
Bildirilib ki, insident yanvarın 4-də baş verib. Həmin gün KXDR-in hava hücumundan müdafiə bölmələri Cənub istiqamətindən iki Koreya arasındakı sərhədi keçən hava hədəfini aşkar edərək izləməyə başlayıb. Radioelektron mübarizə vasitələrinin tətbiqi ilə pilotsuz uçuş aparatı KXDR ərazisində yerə endirilib.
Qeyd olunub ki, PUA-da müşahidə avadanlıqları quraşdırılıb. Qalıqların təhlili nəticəsində onun üç saatlıq uçuş üçün proqramlaşdırıldığı və bu müddət ərzində KXDR-dəki mühüm obyektləri çəkilişə almaq məqsədi daşıdığı müəyyən edilib.
Həmçinin bildirilib ki, pilotsuz uçuş aparatının kameralarında KXDR ərazisi üzərində təxminən yeddi dəqiqəlik videoçəkilişlər aşkarlanıb. Hərbi nümayəndə vurğulayıb ki, bu materiallar respublikanın hava məkanının müşahidə və kəşfiyyat məqsədilə pozulduğunu açıq şəkildə sübut edir. Onun sözlərinə görə, Seulda hakimiyyət dəyişikliyindən bir il keçməsinə baxmayaraq, Cənubi Koreyanın sərhəd yaxınlığındakı təxribatları davam edir.