BAKI, 10 yanvar. TELEQRAF
Avropa İttifaqı 2026-2027-ci illərdə Suriyada müharibədən sonrakı bərpa işləri və humanitar yardım məqsədilə 722 milyon dollar vəsait ayıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Dəməşqdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıqlama verib.
Bildirilib ki, Ursula fon der Lyayen Avropa Şurasının sədri Antoniu Koşta ilə birlikdə Suriyaya səfər edib və keçid dövrü üçün prezident Əhməd əş-Şaraa ilə görüşüb. Onun sözlərinə görə, Suriyanın bərpa ehtiyacları son dərəcə böyükdür və bunu səfər zamanı şəxsən müşahidə edib.
Avropa Komissiyasının sədri qeyd edib ki, Avropa İttifaqı Suriya ilə əməkdaşlıq sazişinin bərpası üzrə danışıqlara başlamağı və yeni siyasi tərəfdaşlıq proqramını işə salmağı planlaşdırır. Bu proses çərçivəsində yüksək səviyyəli danışıqların da aparılması nəzərdə tutulur.