BAKI, 10 yanvar. TELEQRAF
İsrail Müdafiə Ordusu Livana endirilən növbəti hava zərbələri zamanı “Hizbullah” təşkilatına məxsus obyektlərin hədəf alındığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, gün ərzində həyata keçirilən hücumlar çərçivəsində “Hizbullah”a məxsus silah istehsalı emalatxanaları və hərbi anbarlar vurulub. İsrail tərəfi bu obyektlərin təşkilatın silahlı dəstələrinin hərbi potensialının bərpası və gücləndirilməsi məqsədilə istifadə edildiyini iddia edir.
Bununla yanaşı, Livanın bir neçə bölgəsində raket qurğuları və digər hərbi obyektlərə də zərbələr endirilib. İsrail ordusunun məlumatına əsasən, həmin hədəflər şiə döyüşçüləri tərəfindən aktiv şəkildə istifadə olunurdu.
İsrail hərbçiləri vurğulayıb ki, zərbələrin endirildiyi obyektlərdə “Hizbullah”ın fəaliyyətinin bərpası İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulması deməkdir və bu, İsrail dövləti üçün təhlükə yaradır. Bildirilib ki, İsrail Müdafiə Ordusu ölkəyə yönələn bütün təhdidlərin aradan qaldırılması üçün tədbirləri davam etdirəcək.