BAKI, 10 yanvar. TELEQRAF

Kuba Xarici İşlər Nazirliyinin rəhbəri Bruno Rodrigez ABŞ-ni izolyasionizm siyasəti yürütməkdə və qlobal əməkdaşlıqdan imtina etməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, kubalı nazir "X" sosial şəbəkəsindəki paylaşımında ABŞ Prezidenti Donald Tramp administrasiyasının beynəlxalq strukturlardan məqsədli şəkildə uzaqlaşdığını və bununla da vəhşiliyi davam etdirməyə çalışdığını bildirib.

“Onlar beynəlxalq hüququn təşviqi üçün yaradılmış platformaları tərk edirlər. İzolyasionizmi seçərək vəhşiliyi davam etdirməyə üstünlük verirlər”, - deyə Rodriqez yazıb.

Kuba XİN rəhbəri, həmçinin Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-nin çoxtərəfli diplomatiyadan imtina etdiyini, inkişaf etməkdə olan ölkələrə dəstək üzrə öhdəlikləri yerinə yetirmədiyini və maliyyə resurslarını əsasən hərbi xərclərin artırılmasına yönəltdiyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Donald Tramp Kuba hakimiyyətinin süquta yaxın olduğunu bildirmişdi.

ABŞ dövlət katibi Marko Rubio isə Kuba hökumətinin ciddi problemlərlə üzləşdiyini deyib.