BAKI, 10 yanvar. TELEQRAF

Böyük Britaniya hökuməti atəşkəsdən sonra Ukraynada britaniyalı hərbçilərin mümkün yerləşdirilməsinə hazırlıq məqsədilə 268 milyon dollar vəsait ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevə səfəri zamanı açıqlama verib.

Britaniya Müdafiə Nazirliyinin yaydığı rəsmi bəyanatda qeyd olunub ki, ayrılan vəsait Ukrayna üçün nəzərdə tutulan çoxmillətli qüvvələrin mümkün yerləşdirilməsinə hazırlıq çərçivəsində istifadə ediləcək. Maliyyə vəsaiti hərbi nəqliyyat vasitələrinin modernləşdirilməsinə, rabitə sistemlərinin yenilənməsinə, pilotsuz uçuş aparatlarına qarşı yeni vasitələrin tətbiqinə, eləcə də şəxsi heyətin müdafiəsi üçün əlavə avadanlıqların alınmasına yönəldiləcək.

Vurğulanıb ki, bu maliyyələşmə Britaniyanın əsas müdafiə büdcəsindən ayrılıb və Londonun Ukrayna üçün çoxmillətli qüvvələrə liderlik etmək niyyətində olduğunu həm müttəfiqlərə, həm də rəqiblərə nümayiş etdirməlidir.