BAKI, 5 oktyabr. TELEQRAF
Rusiya ordusu oktyabrın 5-nə keçən gecə Zaporojiye şəhərinə pilotsuz uçuş aparatları və qanadlı raketlərlə kütləvi hücum həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə şəhər meri İvan Fedorov məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə ciddi dağıntılar qeydə alınıb, yaşayış binaları və infrastruktur obyektləri zərər görüb. İlkin məlumata əsasən, azı 10 zərbə endirilib.
Şəhərin bir neçə rayonunda elektrik və su təchizatı pozulub, sənaye müəssisələrindən birində yanğın baş verib.
Səhər saatlarına olan rəsmi məlumata görə, ölənlərin sayı 1, yaralıların sayı isə 10 nəfərdir. Raket və PUA hücumları nəticəsində üç rayon zərər görüb, 8 çoxmərtəbəli bina, 8 fərdi ev və bir neçə qeyri-yaşayış tikilisi dağılıb.
Hücum zamanı Zaporojiye və ətraf ərazilərdə 73 mindən çox abunəçi işıqsız qalıb.
***
09:34
Oktyabrın 5-nə keçən gecə Rusiya ordusu Ukraynanın Lvov şəhərinə kütləvi raket hücumu həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlmat yayıb.
Bildirilib ki, şəhər meri Andrey Sadovı yerli sakinlərə müraciət edərək sakitliyi qorumağa və təhlükəsiz yerlərdə qalmağa çağırıb. Onun sözlərinə görə, şəhərdə hava həyəcanı hələ də davam edir.
Mərminin düşməsi nəticəsində Lvovun bir hissəsi işıqsız qalıb, xüsusilə Ryasne və Levandovka rayonları elektrik enerjisi ilə təmin olunmur.
Sadovı bildirib ki, hələlik zərərli maddələrin sızması ilə bağlı təsdiqlənmiş məlumat yoxdur, lakin sakinlərə pəncərələri bağlamaq və evdən çıxmamaq tövsiyə olunur.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hazırda Lvov istiqamətində daha bir qrup pilotsuz uçuş aparatı (PUA) hərəkət edir.