BAKI, 15 dekabr. TELEQRAF
Çində istehsal olunan şüşə fincanlarda ağır metallar aşkarlanıb.
Teleqraf xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olan məlumata əsasən, Çində fəaliyyət göstərən “Market Union Co. Ltd” şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metalları aşkarlanıb.
Məlumatda qeyd olunur ki, bu məhsulların 6 ədədi Azərbaycan Respublikasında fəaliyyət göstərən “Sevinc Mall” ticarət mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib.
Bildiririk ki, sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib.
Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq.
Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır, istehlakçıların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər davam etdirilir.