BAKI, 15 dekabr. TELEQRAF

"Möhtərəm cənab Prezident İlham Əliyevin amnistiya təşəbbüsü dövlətimizin humanizm, ədalət və sosial məsuliyyət prinsiplərinə sadiqliyinin növbəti bariz nümunəsidir. Bu təşəbbüs Prezidentin cəmiyyətin sağlamlaşdırılması, insan amilinin ön planda tutulması və hüquqi islahatların humanist mahiyyətinin gücləndirilməsi istiqamətində apardığı ardıcıl siyasətin məntiqi davamıdır".

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.

O qeyd edib ki, amnistiya aktları hər zaman Azərbaycan dövlətçiliyində mərhəmət, bağışlama və sosial reinteqrasiya fəlsəfəsinə əsaslanıb: “Bu onların həyatlarında yeni səhifənin açılması üçün ümid işığıdır. Bilindiyi kimi, Prezident İlham Əliyev bayram öncəsi ənənəvi olaraq bu şəkildə humanist qərarlar qəbul etməklə minlərlə ailənin bayramına əlavə sevinc qatır.

Amnistiya təşəbbüsü az ağır cinayətlər törətmiş, cəzasının müəyyən hissəsini çəkmiş şəxslərin yenidən cəmiyyətə qayıtmasına, onların sosial həyata reinteqrasiyasına geniş imkanlar yaradır”.

Deputat bildirib ki, Prezidentin bu təşəbbüsü hüquq-mühafizə sistemində aparılan islahatlarla uzlaşır və cəza siyasətində diferensial, ədalətli yanaşmanı təşviq edir: “Dövlətin məqsədi cəzalandırmaqla yanaşı, islah etmək, insanları doğru yola qaytarmaqdır. Bu baxımdan amnistiya aktı həm hüquqi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır.

Ölkə başçımızın amnistiya təşəbbüsü cəmiyyətdə müsbət qarşılanır, insan hüquqlarının qorunması, sosial ədalətin təmin olunması və dövlət–vətəndaş münasibətlərində etimadın möhkəmlənməsi baxımından yüksək dəyərləndirilir. Bu, güclü Azərbaycan dövlətin öz vətəndaşına göstərdiyi qayğının, siyasi iradənin və humanist idarəetmənin açıq təzahürüdür”.