BAKI, 15 dekabr. TELEQRAF

2024-cü ilin dekabrında Suriya hakimiyyətindən devrilən və ölkəni tərk edən Bəşər Əsəd hazırda Rusiyada sakit və rahat mühacir həyatı keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, B. Əsəd şəxsi maraq məqsədilə rus dilini öyrənir və ilkin peşəsi olan oftalmologiya sahəsində biliklərini təzələyir.

Bəşər Əsəd və ailəsinin Moskvanın prestijli Rublyovka rayonunda yaşadıqları və Qərb sanksiyalarından qorunan maliyyə mənbələri ilə təmin olunduqları bildirilir.

Rahat həyatlarına baxmayaraq, onlar izolyasiyada qalır və Rusiya hakimiyyəti Əsədi media və siyasi fəaliyyətlərdən məhdudlaşdırır.

Əsma Əsəd (Bəşər Əsədin həyat yoldaşı-red.) Moskvada xərçəng müalicəsini başa vurub və sağalıb.

Qeyd edilib ki, ailənin övladları isə Moskvanın elit dairələrinə uyğunlaşır, təhsil alır, alış-veriş edir və tez-tez BƏƏ-yə səyahət edirlər, lakin orada daimi köçləri hələ planlaşdırılmayıb.