MİNGƏÇEVİR, 15 dekabr. TELEQRAF
Mingəçevir sakinlərinin və qonaqların ən çox sevdiyi ünvanlardan olan Kür çayı sahilində indiki soyuq havalarda belə qayıq gəzintilərinə çıxmaq istəyənlərın sayı yetərincədir. Ancaq bu o qədər də əlçatan deyil.
Şəhər sakini Eldar Quliyev Teleqraf-ın Mərkəzi Aran bürosuna bildirib ki, Kür çayı boyu dolaşmaq, qayıq gəzintisinə çıxmaq, çay içmək, yaxud nahar eləmək bir çoxlarının imkanları xaricindədir: "Bu ərazidə çayı dəstgahla təklif edirlər. Bu isə hər kəsin cibinə uyğun olmur".
Digər sakin Elçin İsmayılov gəzinti qayıqlarının fəaliyyətindən məmnun qaldıqlarını söyləsə də sahildəki iaşə xidmətlərindəki qiymətlərdən dad edir: "Düzdür, normal məkan yarada biliblər, amma qiymətlər bahadır".
Qeyd edək ki, sahil ərazidə çay dəstgahı 10 manatdan başlayaraq 25-30 manat civarında dəyişir. Samovar çayı dəstgahı 45 manata təklif olunur.
Payız mövsümündə yayla müqayisədə müştəri azlığı kafelərdə güzəştlərə yol açır.
Qayıq gəzintilərində də fərqli qiymətlər var. Məsələn, kiçik tutumlu gəmilərdə 15-20 dəqiqəlik gəzinti sərnişinlərə 10-15 manata təklif olunur. Qısa müddətli gəzinti bir stəkan samovar çayıyla 5 manata başa gəlir.
Yeri düşmüşkən, müxtəlif tutumlu qayıqlarla fərqli gəzinti turları da var.

Uzun illərdir qayıqçılıq sahəsində çalışmış Qalib Umarov qış turizmi həvəskarlarının varlığına rəğmən yayda qiymətlərin daha baha olduğunu bildirir: "Çay boyu bir dairəlik gəzintilər, yaxud Kür çayında yerləşən, müxtəlif quşların da olduğu adalara səfərlər, eləcə də ov mövsümündə ov turları təşkil olunur. Qiymətlər saatlara və məsafəyə uyğun dəyişir.
Məsələn, indiki soyuq havalarda 3 saatlıq gəzinti turu 100 manatadır. Gəzinti boyu ən azı samovar çayı və şirniyyat təklif olunur. Tura çıxan ailə, iş kollektivi, yaxud dostlar olsun, fərq etməz, onların sifarişinə və istəyinə uyğun balıq yeməkləri və müxtəlif kabablar hazırlanır".
Qalib Umarovun sözlərinə görə, payızda-qışda 100 manata başa gələn belə turlar yayda 150 manat və daha artıq qiymətədir. Qiymətlər qayıqçının da mövqeyindən asılı olur. Kimsə daha baha, kimsə nisbətən ucuz tur qiymətləri tətbiq edir.
Ad günü və digər əlamətdar günləri doğmaları və dostları ilə qayıqda keçirmək istəyənlər, yaxud ova çıxanlara da rast gəlinir. Bir dairəlik gəzinti və ada turları istisna, daha uzun müddət çayda və qayıqda qalmaq istəyənlərə fərqli qiymətlər deyilir.
Qayıqçı bəzən müxtəlif xəstəliklər səbəbindən səhərlər çayda gəzintiyə çıxanların olduğunu bildirir. Qalib Umarovun sözlərinə görə, belələrinə heç konkret qiymət də söyləmirlər: "Gücləri çatanı verirlər, yenə sağ olsunlar. Bəzən aztəminatlı şəxsləri, ailələri də yola veririk. Nə edək, hamımız bir şəhərin adamlarıyıq..."