GƏNCƏ, 15 dekabr. TELEQRAF

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesi hakim Natiq Əliyev aparıb. K.Avanesyan tərcüməçi və vəkillə təmin olunub. Prosesdə hakim K.Avanesyana ona qarşı irəli sürülən ittihamlarla bağlı özünü təqsirli biliib-bilmədiyini soruşub. K.Avanesyan ittiham aktı üzrə özünü qismən təqsirli bilib.

"Təxminən 12-13 polis əməkdaşının olduğu yerə əl qumbrası atdım, amma bir qədər kənara düşdü. Partlayış oldu. Polislərdən biri mənə tapança ilə atəş açmağa başladı. Avtomat işləmədiyi üçün ondan atəş aça bilmədim. Sonra yerimi dəyişmək istədim. Polislər məni mühasirəyə aldılar və təslim olmağımı istədilər" - deyə K. Avanesyan vurğulayıb

Daha sonra məhkəmə prosesində hadisə şahidlərindən biri Mirağa Səfərov danışıb:

"Biz Avanesyanı hadisə günü sığınacaqda yoxlayanda yerində olmadığını gördük. Kareni öz evində tapdıq. Bizə silah tuşladı. Dedik ki, silahı qoy yerə, gedək sığınacağa. Mənə "yaxınlaşma" dedi və yerdən daş götürüb mənə tərəf atdı, xəsarət yetirdi. Sonra şəhərə tərəf - tədbirin olduğu əraziyə qaçdı. Əlində silah və torba vardı. Sonradan məlum oldu ki, torbadakı əl qumbarasıdır. Avanesyanın niyyəti tədbirin keçiriləcəyi yerə getmək idi. O, insanların kütləvi toplaşdığı əraziyə doğru qaçırdı".

***

16:38

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Teleqraf xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakimlər Natiq Əliyevin sədrliyi, İlkin İbişovun məruzəsi ilə keçirilən prosesdə K.Avanesyan tərcüməçi və vəkillə təmin olunub.

Məlumat üçün bildirək ki, cari il sentyabrın 14-də Azərbaycan Respublikasının Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd edilməsi və digər faktlar üzrə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq tədbirlərilə, Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah - “AKMS” markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini həyata keçirmək üçün sentyabrın 14-də saat 07 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 09 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.

Nəticədə 3 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almış, hadisə yerindən təxliyyə edilərək zəruri tibbi yardımlar gösətirildiyindən həyatlarını xilas etmək mümkün olub.

Bundan başqa, qanunvericiliyin tələblərinə və edilən dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.