BAKI, 27 sentyabr. TELEQRAF
"Ərdoğan Trampla görüşdə Ukraynadakı münaqişəyə son qoymaq üçün addımları müzakirə edib".
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Hakan Fidan bildirib ki, Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında sentyabrın 25-də Vaşinqtonda keçirilən danışıqlarda digər məsələlərlə yanaşı, Ukraynanın sülh yolu ilə nizamlanması istiqamətində birgə addımların atılması məsələsi də gündəmə gətirilib.
"Prezidentimiz Fələstin məsələsini qaldırdı. O, bu məsələlərin bizim üçün əhəmiyyətini xüsusilə vurğuladı. Ən əsası Qəzza zolağında atəşkəsin dərhal bərqərar olması, eləcə də İsrailin bölgədəki siyasəti ilə bağlı risklərdir. Suriyanın ABŞ ilə münasibətlərinə dair gündəmdə olan məsələlər Suriyanın bütün siyasi vəhdətini qoruyub saxlaması ilə bağlı müzakirə edilib. Bizim prezident və Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün mümkün birgə addımları da müzakirə ediblər”, - deyə Fidan ABŞ-a səfərindən sonra jurnalistlərə bildirib.