BAKI, 20 iyul. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının üzvlərinə və Aİ diplomatiyasının rəhbəri Kaja Kallasa məktub ünvanlayıb.

O, BMT Təhlükəsizlik Şurasının İslam Respublikasına qarşı sanksiyalarının yenilənməsinin mümkünsüzlüyünün lehinə arqumentlər irəli sürüb.

A.Əraqçi öz X hesabında yazıb: “Mən izah etdim ki, nə üçün Aİ-3-ün (Almaniya, Fransa və Böyük Britaniya red.) JCPOA (Birgə Kompleks Fəaliyyət Planı red.) və BMT-nin 2231 (2015) Qətnaməsinin mexanizmlərindən istifadə etmək üçün heç bir hüquqi, siyasi və ya mənəvi əsasları yoxdur”.

O qeyd edib ki, İranın fikrincə, Aİ-3 ölkələri İsrail və ABŞ-ın İslam Respublikasındakı nüvə obyektlərinə zərbələrini dəstəkləyərkən JCPOA-nın əsas müddəalarından və öhdəliklərindən imtina ediblər. Beləliklə, Əraqçi hesab edir ki, Avropa dövlətləri JCPOA-dakı rollarından imtina etdilər və "BMT Təhlükəsizlik Şurasının dayandırılmış qətnamələrinin təsirini bərpa etmək üçün hər hansı cəhdləri etibarsız saydılar".

İranın xarici işlər naziri qeyd edir ki, Aİ-3 ölkələri “özlərinin sadiq olmadıqları qətnamədən sui-istifadə edərək BMT Təhlükəsizlik Şurasının nüfuzunu sarsıtmağa icazə verə bilməzlər və buu etməməlidirlər”. Onun fikrincə, üç Avropa dövləti 2020-ci ilin avqustunda səsləndirdikləri mövqeyə sadiq qalmalıdırlar ki, bu da "BMT Təhlükəsizlik Şurasında fikir ayrılıqlarını daha da kəskinləşdirəcək hər hansı hərəkətlərdən" çəkinməyi nəzərdə tutur.