İSTANBUL, 17 iyul. TELEQRAF
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində xarici jurnalistlər "15 İyul Yaddaş" muzeyini ziyarət ediblər.
Teleqraf-ın İstanbula ezam olunan əməkdaşı xəbər verir ki, ziyarətdə Türkiyənin 81 vilayətindən 81 yerli media nümayəndəsi və 41 ölkədən 120 beynəlxalq jurnalist olmaqla, ümumilikdə 200 media nümayəndəsi iştirak edib.
Ziyarət çərçivəsində "15 İyul Yaddaş" muzeyinin rəsmisi, sənətşünas Muhammet Yıldız deyib ki, türk xalqları ölkələrini qorumaq üçün birlikdə mübarizə aparmalıdır: "Həll yolunu Qərbdə axtarmamalıyıq. İyulun 15-də Türkiyədə xaincəsinə çevrilişə cəhd olunsa da, xalq tank qarşısında duraraq terrorçuları məğlub etdi. Müxtəlif dövrlərdə bəzi qüvvələr hakimiyyəti ələ keçirmək üçün bu kimi cəhdlər edirlər. Ancaq xalqımız Türkiyədə bu cəhdin qarşısını aldı. Azərbaycan hər məsələdə olduğu kimi çevriliş zamanı da Türkiyəyə dəstək göstərdi. İki ölkənin hər məsələdə birgə müqaviməti və mübarizəsi mövcuddur. Xüsusilə, xalqı müsəlman olan ölkələr bu kimi çevriliş cəhdlərinə qarşı necə mübarizə aparacaqları mövzusunda fikir mübadiləsi aparmalıdırlar. Əks halda Qərb qarşısında təklənərik".