ANKARA, 16 iyul. TELEQRAF

"15 İyul şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə uzun ömür və sağlam olmalarını arzulayıram".

Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bekir Bozdağ Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində "Demokratiyaya Sahip Çıxmaq: Mülki Dirənişin Gücü" adlı sessiyada çıxışı zamanı deyib.

"15 İyulun əsl mahiyyətini yalnız bir gün və ya tək bir hadisə kimi deyil, bütünlükdə bir çağırış və dönüş nöqtəsi kimi dəyərləndirməliyik.

Türkiyənin keçmişində hərbi çevrilişlərə dair kifayət qədər xoşagəlməz təcrübəsi var. 15 İyul xəyanətinin uğursuzluqla nəticələnməsi, cəmiyyətin və siyasi sistemin birgə dirənişinin məhsuludur.

15 İyulda xəyanət ortaya çıxan ana qədər- ölkənin bütün siyasi partiyaları, prezident və Türkiyə Böyük Millət Məclisi ortaq və qəti bir iradə sərgilədi. Bu, əvvəlki çevrilişlərdən fərqli olaraq demokratik təsisatların birlikdə hərəkət etdiyi nadir bir nümunə idi. 15 İyulda hər kəs milli iradənin yanında yer aldı", - deyə B. Bozdağ deyib.

B.Bozdağ əlavə edib ki, 2016-cı ildən etibarən ilk dəfə olaraq, prezidentin seçilməsi səlahiyyəti birbaşa xalqa verildi və bununla da Türkiyə tarixində yeni bir dövr başladı:

"Bu, xalqın iradəsinin dövlət idarəçiliyinə birbaşa təsirini təmin edən, əhəmiyyətli bir addım idi. Bu sistem dəyişikliyi və səsvermə - yenidən bu ölkədə çevrilişlərin olmaması üçün aparılan mübarizənin və atılan strateji addımların təcəssümüdür".

Türkiyə Prezidentinin Dövlət Nəzarət Şurasının sədri Salih Tanrıkulu isə çıxışı zamanı bildirib ki, 15 İyul çevriliş cəhdindən sonra FETÖ-nün əlaqəsi olan universitetlər və təhsil müəssisələri üzərində dövlət nəzarəti təmin edilib: "Silahlı Qüvvələrdə struktur islahatları aparıldı, hüquqi əsaslarla FETÖ ilə əlaqəsi sübuta yetirilən şəxslər məsuliyyətə cəlb olundu".

Jurnalist Hande Fırat isə qeyd edib ki, FETÖ tərəfdarları Türkiyədə gənclərin beyinlərini yuyurdu: "Əsl insan Türk Silahlı Qüvvələri sıralarında xidmət göstərən öz vətəndaşına 15 iyul gecəsi silah tuşlamazdı. Bu, təkcə çevriliş yox, terror hücumu idi. Həmin gecə onlar sosial mediadan istifadə edərək “Ərdoğan öldü”, “Ərdoğan qaçdı” kimi yalan xəbərlər yaydılar. Biz isə Türkiyə Prezidenti ilə əlaqə saxlayaraq ekrandan xalqa müraciətini yayımladıq və xalq həqiqəti gördü".

Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin baş koordinatoru (SETA) Nebi Miş 15 iyulun işğal cəhdi olduğunu bildirib: “FETÖ necə oldu ki, bir çevriliş cəhdi ilə Türkiyəni ələ keçirə biləcəyini düşündü? FETÖ 15 iyuldan əvvəl iqtidarı demokratik olmayan yollarla devirməyə çalışdı, cəmiyyətdəki fərqli etnik qruplar arasında gərginlik yaratmağa cəhd göstərdi. Ancaq millətimiz bu planları puça çıxardı”.