BAKI, 9 iyul. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff ABŞ Prezidenti Donald Trampa Ukraynada kimyəvi silahdan istifadə edildiyi iddiası ilə bağlı məlumat verməyə hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, D.Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndəsindən Ukraynada kimyəvi silahdan istifadə ilə bağlı hansı sübutların olduğunu soruşub.

C.Retkliff ona belə cavab verib: “Əlbəttə, əgər kimyəvi silahdan istifadə sənədləşdirilibsə, bu, qeyri-qanunidir və bütün beynəlxalq silahlı münaqişə qaydalarını və razılaşmaları pozur”.

Daha sonra o, hazırda əlində olduğu iddia edilən dəlilləri ictimaiyyətə açıqlaya bilməyəcəyini, ancaq şəxsən D.Trampa təqdim etməyə hazır olduğunu söyləyib. C.Retkliff əlavə təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, 2025-ci il iyunun 26-da Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) öz hesabatında Ukraynada döyüş bölgəsində toplandığı iddia edilən nümunələrdə zəhərli xlorobenzalmalononitril (CS) maddəsinin olduğunu açıqlamışdı.