BAKI, 13 iyun. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu britaniyalı həmkarı Kir Starmer ilə telefon danışığı aparacaq.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Qeyd edək ki, Netanyahunun gün ərzində Rusiya və ABŞ prezidentləri Donald Tramp və Vladimir Putinlə telefon danışığı nəzərdə tutulurdu.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.

İran Prezidenti Məsud Pezeşkian və Ali Rəhbər Əli Xamanei İranın İsrailə cavab zərbəsi endirəcəyini bəyan edib.