BAKI, 24 aprel. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasını xatırladaraq, hadisə zamanı qazax xalqının göstərdiyi həmrəylik və humanizmi yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında bildirib.

“Biz ötən il Aktau yaxınlığında baş verən aviaqəza zamanı bir daha xalqımızın mərdliyinin, mərhəmətinin və həmrəyliyinin şahidi olduq. Vətəndaşlarımız dərhal yardım üçün səfərbər oldular, zərərçəkənlərə qan vermək üçün növbəyə durdular, Azərbaycanın səfirliyi qarşısına güllər qoyaraq həmrəylik nümayiş etdirdilər. Bütün dünya xalqımızın birliyinə və fədakarlığına heyran qaldı”,- o qeyd edib.

Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.