
BAKI, 14 aprel. TELEQRAF
Ukrayna nadir torpaq metalları üzrə sazişlə bağlı Kiyevin hazırladığı təklifləri artıq ABŞ-yə təqdim edib. Bu, Vaşinqtonda keçirilən texniki məsləhətləşmələr zamanı baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Olqa Stefanişina milli telemarafonun efirində çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, o, sazişlə bağlı bir çox təfərrüatları açıqlaya bilməz, lakin məsləhətləşmələrin aparılması müsbət əlamətdir.
“Hazırkı mərhələdə bunu deyə bilərəm ki, Ukrayna nümayəndə heyəti ABŞ tərəfinə Kiyevdə hazırlanan və razılaşdırılan bütün təklifləri çatdırmaq imkanı əldə edib. Bütün bu təkliflər müzakirə mövzusu olub”, – deyə o bildirib.
Olqa Stefanişina ümid edir ki, məsləhətləşmələrdən sonra razılıq əldə olunana qədər danışıqlar davam edəcək.
“Aydındır ki, bu, son mərhələ deyil”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, nadir torpaq metalları üzrə sazişlə bağlı ABŞ ilə texniki məsləhətləşmələr Ukraynanın Ədliyyə və İqtisadiyyat nazirliklərinin komandalarının iştirakı ilə baş tutub.
Xatırladaq ki, bu ilin fevral ayında Ukrayna və ABŞ nadir torpaq ehtiyatları üzrə çərçivə sazişi imzalamağı planlaşdırırdı. Lakin fevralın 28-də Ağ evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında baş vermiş mübahisəyə görə bu baş tutmadı. Hadisədən sonra Vaşinqton Ukraynaya faydalı qazıntıların hasilatı sahəsində yeni razılaşma layihəsi təqdim edib.