
BAKI, 14 aprel. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ordunun itirilmiş əraziləri geri qaytarmaq gücündə olmadığını etiraf edib və ABŞ-nin dəstəyi kəsiləcəyi təqdirdə yeni itkilərin baş verə biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, o bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukraynanın bütün itirilmiş əraziləri geri qaytarmaq üçün kifayət qədər gücü yoxdur və bu, hazırda reallığı əks etdirir.
“Bütün əraziləri qaytarmaq üçün gücümüz çatmır və bu, bu gün üçün başadüşülən vəziyyətdir. Odur ki, bu müharibə diplomatik yolla başa çatacaq”, - Zelenski vurğulayıb.
Prezident bununla yanaşı, itirilmiş ərazilərin Rusiya ərazisi kimi tanınmasına qarşı olduğunu bildirib.
Münaqişənin həlli üzrə danışıqlara toxunan Zelenski qeyd edib ki, bu proses müxtəlif formatlarda - həm üçtərəfli, həm də ikitərəfli şəkildə aparılacaq: “Fərqli formatlar olacaq, biz bu müharibənin diplomatik həllinə nail olacağıq”.
Eyni zamanda o, Rusiya hakimiyyətinə güvənmədiyini diqqətə çatıdırıb və Qərbdən təhlükəsizlik təminatlarının - o cümlədən Ukraynada qoşunların yerləşdirilməsi və hava məkanının qorunması kimi mexanizmlərin təmin olunmasını tələb edib.