
BAKI, 30 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Yəməndə ABŞ-nin hərbi əməliyyatları ilə bağlı məlumatların sızması skandalından sonra heç kəsi işdən çıxarmağı planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “NBC News”a verdiyi müsahibədə bildirib.
“Yayılan xəbərlər heç bir şeyə əsaslanmır. Biz Yəmənə çox güclü və ölümcül zərbə endirdik. Lakin heç kim bunun haqqında danışmaq istəmir”, - o qeyd edib.
Tramp əlavə edib ki, o, hələ də milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uolts və Pentaqon rəhbəri Pit Heqsetə güvənir, baxmayaraq ki, onlar bu skandalda mühüm rol oynayıblar.
Qeyd edək ki, “The Atlantic” qəzetinin baş redaktoru Ceffri Goldberg martın 24-də bir məqalə yayıb. Məqalədə martın 11-də “Siqnal”a Mayk Uolts adlı istifadəçidən qoşulma sorğusu aldığını bildirib. İki gün sonra jurnalist qrup söhbətinə qoşulub və burada ABŞ administrasiyasının üzvləri Yəməndəki hücumları müzakirə etdiyini qeyd edib.
Jurnalistin iddiasına görə, martın 15-də "Pit Heqset" adlı istifadəçi hücumların detalları və hədəflərin vurulacağı təxmini vaxtı açıqlayıb. Bu vaxt jurnalistin sözlərinə görə, sosial şəbəkələrdə bombardmanlar haqqında ilk xəbərlərin yayımlandığı vaxtla üst-üstə düşüb. “The Atlantic”də yayılan bu məqalə ABŞ-də rezonans doğurub.
ABŞ-nin Demokrat Partiyası “Siqnal” üzərindən baş vermiş məlumat sızmasını Prezident Donald Tramp administrasiyasının milli təhlükəsizliyə cavabdeh olan hissəsinin ciddi səhvi kimi qiymətləndirib. Konqresdə Mayk Uolts və bəzi digər prezident komandası üzvlərinin vəzifədən azad edilməsi ilə bağlı çağırışlar edilib.
Xatırladaq ki, martın 15-də Trampın əmri ilə ABŞ Yəmənin təxminən üçdə birini nəzarət altında saxlayan husi yaraqlılarının mövqelərinə intensiv zərbələr endirilməyə başlanıb.