
BAKI, 26 mart. TELEQRAF
Ermənistan "Türkmənqaz" dövlət konsernindən İran vasitəsilə Ermənistana tədarük olunacaq təbii qazın alınması ilə bağlı danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə Armenpress Agentliyinə Ermənistanın baş nazirinin müşaviri Artaşes Tumanyan bildirib.
O deyib: “Ermənistan tərəfi “Türkmənqaz”dan təbii qazın alınması ilə bağlı saziş hazırlamaq arzusunu ifadə edib, bununla bağlı danışıqlar aparılıb, Ermənistan tərəfinin gözləntiləri təqdim olunub və layihənin bütün texniki xüsusiyyətləri müzakirə edilib. Proqramın mahiyyəti belədir: “Türkmənqaz”dan qaz almaq, onun İran ərazisi vasitəsilə mübadiləsini və İran sərhədinə çatdırılmasını təşkil etmək".
Ermənistan rəsmisi əlavə edib ki, İran layihənin əsas iştirakçılarından biri olduğundan, İslam Respublikası ilə də danışıqlar aparılıb və layihə ilə bağlı razılıq əldə edilib. Müşavirin sözlərinə görə, “proqramda kəmiyyət də göstərilib: 600 milyondan 1 milyard kubmetrə qədər”.
O, yanacağın qiymətlərinin razılaşdırılması istiqamətində işlərin hələ yekunlaşmadığını da vurğulayıb.