
Bakı, 30 mart. TELEQRAF
Ramazan ayının başa çatması münasibətilə Azərbaycanın məscidlərində bayram namazı qılınır.
Teleqraf xəbər verir ki, Bakının Əjdərbəy məscidindəki bayram namazı Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev və Ruslan Nəsirovun imamətliyi ilə qılınıb.
Mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər. Onlar dualar oxuyub, Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıb, Allahdan rəhmət diləyiblər. Eyni zamanda Azərbaycan xalqına əmin-amanlıq, ruzi-bərəkət və firavanlıq arzulayıblar.
Təzəpir məscidində isə bayram namazı saat 09:00-a təyin olunub.
Ölkənin digər bölgələrində olduğu kimi işğaldan azad olunan ərazilərdə təmir-bərpa olunan, yenidən qurulan məscidlərdə də Ramazan bayramı namazı qılınır.
Qeyd edək ki, Ramazan ayı martın 1-dən başlayıb. Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edib. Martın 30-31-i Azərbaycanda Ramazan bayramıdır.
Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına görə, fitrə zəkatı adambaşına 10-15 manat verilməlidir.