BAKI, 30 mart. TELEQRAF

Ramazan ayının başa çatması münasibətilə Təzəpir məscidində bayram namazı qılınıb.

Teleqraf xəbər verir ki, bayram namazını Təzəpir məscidinin imamı Hacı Faiz Nağızadə qıldırıb.

Mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər. Onlar dualar oxuyub, Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıb, Allahdan rəhmət diləyiblər. Eyni zamanda Azərbaycan xalqına əmin-amanlıq, ruzi-bərəkət və firavanlıq arzulayıblar.

Qeyd edək ki, Ramazan ayı martın 1-dən başlayıb. Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edib. Martın 30-31-i Azərbaycanda Ramazan bayramıdır.

Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına görə, fitrə zəkatı adambaşına 10-15 manat verilməlidir.