BAKI, 21 mart. TELEQRAF

ABŞ-nin Yəməndə "Ənsar Allah" hərəkatına qarşı hərbi əməliyyatı husilərin tam məğlubiyyəti və Qırmızı dənizdə dəniz nəqliyyatının tam bərpası ilə nəticələnməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzetində yazı dərc olunub.

NYT-yə danışan Yaxın Şərq üzrə ekspertlər husilərin ABŞ-nin üstün hərbi qüvvələrinə qarşı dayanıqlılıq nümayiş etdirdiyini və Qərb siyasətçilərinin iddialarına baxmayaraq, onların İranın dəstəyindən tam asılı olmadığını vurğulayıblar.

Nəşr yazır ki, dəniz nəqliyyatına gəlincə, 2023-cü ilin oktyabrında Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra dünya üzrə aparıcı gəmiçilik şirkətləri hücum təhlükəsinə görə Qırmızı dənizdən istifadəni məhdudlaşdıraraq Afrikanı dolanmağa üstünlük veriblər.

Statistikaya əsasən, 2023-cü ilin fevralında Bab əl-Məndəb boğazından təxminən 500 gəmi keçirdisə, 2024-cü ilin fevralında bu rəqəm 144-ə enib. Fevral ayında Qırmızı dənizdən keçən gəmilərin sayı 200 olub.

Xatırladaq ki, 15 martda ABŞ Prezidenti Donald Tramp Yəməndə husilərə qarşı hərbi əməliyyatın başlandığını elan edib.

Husilər isə Qəzza zolağındakı münaqişənin kəskinləşməsindən sonra İsrail ərazisini atəşə tutacaqlarını və ona bağlı gəmilərin Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.