BAKI, 20 mart. TELEQRAF

ABŞ ordusu Yəmənin Husilər hərəkatının hücumlarını dəf etməkdə heç bir problem yaşamır.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Onlar hücum etdiklərini deyirlər. Raketlər və pilotsuz təyyarələri işə salırlar, lakin onlar 100 mil uzaqlıqdan vurulur. Pentaqonun bu hücumları dəf etməkdə heç bir problemi yoxdur", - Rubio deyib.

Eyni zamanda o, İranın husilərə kömək etdiyini açıqlayıb.

"Bəlkə də əvvəlki kimi açıq deyil, lakin İran hələ də onlara kömək edir və bu, qəbuledilməzdir", - ABŞ dövlət katibi bildirib.

Rubio həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla nüvə razılaşmasına nail olmadığı təqdirdə hərəkətə keçəcəyini açıq şəkildə bəyan edib.