BAKI, 7 mart. TELEQRAF

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Qərbin İranın nüvə proqramına qarşı tətbiq etdiyi sanksiyaların faydasız olduğunu etiraf edib.

Teleqraf xəbər verir ki, Qrossi bu barədə “Bloomberg”-ə müsahibəsi zamanı danışıb.

Onun sözlərinə görə, Tehran xüsusilə 2018-ci ildən sonra nüvə proqramının inkişafında mühüm irəliləyiş əldə edə bilib. Həmin il Amerika Birləşmiş Ştatları Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxıb.

“Sanksiyalar İrana təsir etmir. Tamamilə aydındır ki, Tehran Qərbin məhdudiyyətlərindən yan keçməyi öyrənib”, - Qrossi vurğulayıb.

Xatırladaq ki, MAQATE rəhbəri daha əvvəl Birgə Hərtərəfli Fəaliyyət Planı ciddi şəkildə köhnəldiyindən İranla nüvə proqramı üzrə sazişin bağlanması üçün yeni saziş formatının hazırlanmasına dair çağırış edib.