BAKI, 16 fevral. TELEQRAF

İndoneziyanın Bali adasında “Komodo-2025” beynəlxalq təlimləri başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

"Nümayəndələr və iştirakçılar, növbəti bir neçə gün ərzində humanitar fəaliyyətlər həyata keçirmək üçün birlikdə çalışacağıq", - İndoneziya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Məhəmməd Əli deyib.

O, həmçinin qeyd edib ki, təlimlərdə həm quruda, həm də dənizdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yardımın göstərilməsinin praktiki üsulları da yer alacaq.

Tədbirdə köpək balıqları və dəniz şirləri kimi geyinmiş rəqqasların iştirakı ilə hərbi parad, həmçinin flyboardlarda dənizçilərin çıxışı olacaq. Bundan əlavə, tədbirin qonaqları paraşütlərdə iştirakçı ölkələrin bayraqlarının nümayişinə və ənənəvi musiqili teatra baxacaqlar.

Qeyd olunur ki, bu il təlimlərdə Rusiya, ABŞ və Çin də daxil olmaqla 30-dan çox ölkə iştirak edir.