BAKI, 13 fevral. TELEQRAF

Türkiyə ordusu son bir həftə ərzində İraqın şimalında və Suriyada həyata keçirilən əməliyyatlar nəticəsində 56 terrorçunu zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk bildirib.

Terrorla mübarizə və sərhəd təhlükəsizliyi ilə bağlı məlumat verən Aktürk deyib:

“Son bir həftədə İraqın şimalında və Suriyada keçirilən terrorla mübarizə əməliyyatlarında 56 terrorçu zərərsizləşdirilib. Bölgədə aşkar edilən mağarada terrorçulara məxsus çoxlu sayda silah, sursat və həyat ləvazimatları ələ keçirilib. Beləliklə, yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı 377-yə çatıb, onlardan 134-ü İraqda, 243-ü Suriyanın şimalında məhv edilib".