
BAKI, 7 fevral. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ səfəri uğursuz oldu.
Teleqraf xəbər verir ki, bunu erməni jurnalist Alisa Asatryan deyib.
“Üç gün ABŞ-nin paytaxtı Vaşinqtonda dolaşaraq, müxtəlif dini konfranslarda çıxışlar edən Paşinyan nəhayət Amerikanın cəmi bir yüksək rütbəli şəxsi ilə görüşə bilib. Onu Ağ Evdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens qəbul edib.
Baş nazirlikdən verilən açıqlama sönükdür, görüş zamanı Ermənistan-ABŞ ikitərəfli münasibətləri, eləcə də regional gündəmlə bağlı məsələlərin müzakirə edildiyi deyilir. Baş nazir aparatı həmin görüşdən ABŞ-nin Paşinyana əsl münasibətini sübut edən fotonu da yayımlayıb. Görünür, Vens Paşinyanı tələsik, Ermənistan bayrağı olmayan, rəsmi protokola əməl olunmayan kabinetində qəbul edib”, - jurnalist vurğulayıb.
Asatryanın sözlərinə görə, İrəvanın çoxsaylı xahişlərindən sonra Vaşinqtonda Paşinyana cəmi bir neçə dəqiqəlik vaxt ayrılıb:
“İndi hakimiyyət və onun qulluqçuları bunu “kosmik hadisə” kimi təqdim edəcəklər. Amma bu fonda Donald Tramp Ağ Evdə regionun başqa bir kiçik ölkəsi olan İsrailin baş nazirini təmtəraqla qarşıladı, bütün protokol qaydalarına riayət etdi, hörmət-izzət göstərildi. Hətta Tramp Netanyahunun oturması üçün stulu özü tutdu”.
Xatırladaq ki, Ermənistan baş nazirinin fevralın 3-də başlayan ABŞ səfəri bu gün başa çatıb.