BAKI, 24 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olmayıb.

Teleqraf xəbər verir ki, Ermənistan baş nazirinin sözçüsü Nazeli Baqdasaryan bu barədə yayılan iddianı təkzib edib.

“X sosial platformasında bəzi hesablar tərəfindən ABŞ Prezidenti Donald Trampın guya “Truth Social” platformasında Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı apardığını bildirməsi barədə açıq şəkildə saxta və manipulyativ məlumat yayılır. Bildirirəm ki, belə bir telefon danışığı baş tutmayıb. Ermənistan Baş naziri ilə ABŞ Prezidenti Donald Tramp arasında bu məzmunlu hansısa müzakirə olmayıb. Yayılan məlumat saxtadır, reallığı əks etdirmir.

Qeyd olunan iddia xarici informasiya manipulyasiyası və müdaxiləsi üçün xarakterik əlamətlər daşıyır. Xüsusilə, onun yayılma metodologiyasını nəzərə alaraq, bunu X platformasında bir sıra hesablar tərəfindən eyni və ya əlaqəli ifadələrlə gücləndirilmiş şəkildə paylaşılmasını və yoxlanılmamış mənbəyə əsaslanan iddianın dövriyyəyə buraxılmasını sistemli informasiya manipulyasiyası cəhdi kimi qiymətləndiririk”, - o bildirib.

Baqdasaryan belə dezinformasiyaların Ermənistanın milli təhlükəsizliyi, xarici siyasəti və regional sabitliyə zərər vura biləcəyi barədə xəbərdarlıq edib.