BAKI, 24 aprel. TELEQRAF

Avropa İttifaqı (Aİ) Ermənistandakı yeni mülki missiyanın ölkənin daxili işlərinə müdaxilə etməsinə və iyunun 7-də keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərməsinə imkan verəcəyini gizlətmir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Diplomat qeyd edib ki, Moskva Ermənistan hakimiyyətinin ölkədəki yeni Aİ missiyasının İrəvanı anti-Rusiya siyasətinə cəlb etməsinə imkan verməyəcəyinə ümid edir:

“Ümid edirik, erməni müttəfiqlərimiz və dostlarımız bu yeni missiyanın onların daxili işlərinə müdaxilə etmək və İrəvanı Qərbin geosiyasi oyunlarına cəlb etmək üçün istifadə olunmasına imkan verməyəcəklər. Bu oyunlar ölkəmizlə dostluq münasibətlərinin pozulmasına və Brüsselin Rusiya əleyhinə siyasətinə qoşulmağa hesablanıb”.

Mariya Zaxarova əlavə edib ki, qanunsuz maliyyə axınlarını izləmək və kiberhücumlara qarşı mübarizə bəhanəsi ilə Aİ Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq:

“Aİ-nin guya İrəvana hibrid təhdidlərlə mübarizədə kömək kimi təqdim etdiyi yeni mexanizm, əslində Brüsselə Ermənistan nazirlikləri və qurumları üzərində əlavə təsir imkanı verir. Bunu yaxşı bilirik və heç bir halda istisna edə bilmərik, 7 iyun parlament seçkilərinin nəticələrinə təsir etmək istəyəcəklər və istəyirlər”.