BAKI, 24 aprel. TELEQRAF
Ötən əsrdə Türkiyəyə köçən azərbaycanlı mühacirlərin bəzilərinin övladları qardaş ölkənin ictimai-siyasi həyatında müəyyən rol oynayıblar. Mühacir Əli Taşkentin oğlu Kurtuluş Taşkent, Məhəmməd Azər Aranın oğlu Bozkurt Aran Türkiyə Xarici İşlər Nazirliyində çalışıb, diplomat kimi fəaliyyət göstəriblər. Bu şəxslərdən biri də mühacir Abdulla Sultanzadənin oğlu Candan Azərdir.
Abdulla Sultanzadə 1893-cü ildə Naxçıvanda xalı tüccarı Ələsgər Sultanzadənin ailəsində doğulub. İlk təhsilini ana babası Hacı Gülməmməd Nəsirbəylidən alıb. Ardınca Naxçıvanda Məhəmmədtağı Sidqinin Məktəbi-tərbiyəsində oxuyub, 1909-cu ildə isə Qori Müəllimlər Seminariyasına daxil olub. Daha sonra Tiflis Müəllimlər İnstitutunda oxuyub.
Birinci Dünya müharibəsindən sonra başlanan anarxiya dövründə Cəmiyyəti-Xeyriyyənin tərkibində açıq və gizli fəaliyyət göstərib. Tiflisdə bir dostu ilə Turan Ticarət Bürosunu yaradıb, bolşeviklərin Gürcüstanı işğalından sonra ÇEKA-nın təqiblərinə məruz qalıb. Nəticədə 1924-cü ildə Batumdan Türkiyəyə mühacirət edib. Təhsilini davam etdirmək üçün Praqaya gedib, 1930-cu ilin iyun ayında Çex Texniki Universitetindən ali elektrik mühəndisi diplomu alaraq məzun olub. Daha sonra Türkiyəyə qayıdıb, 11 oktyabr 1934-cü ildə Vildan adlı xanımla ailə həyatı qurub. 1935-ci ildən etibarən bir çox çex şirkətinin Türkiyə təmsilçisi olub. 1934-cü il soyad qanununa görə Azər soyadını qəbul edib.
Abdulla Sultanzadə (Azər) 8 iyun 1976-cı ildə vəfat edib, İstanbulda Qaraca Əhməd məzarlığında dəfn olunub.
Abdulla Sultanzadə ilə Vildan xanımın övladı olan Candan bəy 7 aprel 1941-ci ildə İstanbulda doğulub. 1962-ci ildə Kabataş oğlan liseyini bitirib. 1966-cı ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsindən məzun olub. 1967-ci ildə məmur həyatına başlayıb. 1968-1970-ci illərdə hərbi xidmətdə olub.
İngilis və alman dillərini bilən Candan bəy sonrakı müddətdə diplomatiya sahəsində karyera qurub, dünyanın bir sıra ölkələrindəki Türkiyə səfirliklərində çalışıb. Həmçinin çincəyə də vaqif olan tək diplomatdı.

Berlinə yolçuluq
Qızı Bergin Azər xanım atasının diplomat olmağa qərar verməsinin səbəbini bu şəkildə açıqlayıb: “Atası Candanı 1956-cı ildə 15 yaşında ikən alman dilini təkmilləşdirməsi məqsədilə Berlinə göndərib. Atam səfirliyə müraciət etdikdə oradakı əməkdaşların bir kəlmə belə xarici dil bilmədiklərini görmüş, bundan dərin təəssüf və xəcalət hissi keçirmişdi; vəziyyəti dəyişdirmək və bu mənzərəni tərsinə çevirmək məqsədilə diplomat olmağa qərar vermişdi”.
Türkiyə Diplomatik Arxivindəki sənədlərdə Candan bəyin çalışdığı vəzifələr bu şəkildə göstərilib:
Vaşinqton səfirliyində ikinci katib: 31.12.1971-06.01.1973
Pekin səfirliyində Baş katib: 06.01.1973-23.12.1976
İSDD şöbə müdiri: 23.12.1976-12.02.1978
Roma səfirliyində xüsusi müşavir: 12.02.1978-14.08.1978
NATO-da müşavir: 14.08.1978-02.08.1982
Milli Təhlükəsizlik Baş İdarəsində sədr müavini: 02.08.1982-28.08.1985
Vaşinqton səfirliyində 1-ci müşavir: 28.08.1985-21.09.1987
Çikaqo Baş konsulu: 21.09.1987-17.04.1989
1989-cu ildə Candan bəy Baş nazir Turqut Özalın və xarici işlər naziri Məsud Yılmazın imzası ilə nazirlikdə müşavir olaraq fəaliyyətə başlayıb. 1994–1998-ci illər arasında İslamabad səfiri, 1998–2000-ci illərdə Siyasi Planlaşdırma Baş Direktoru, 2000–2005-ci illər arasında Varşava səfiri, 2005–2006-cı illərdə isə Xarici İşlər Nazirliyinin müşaviri vəzifələrində çalışıb. 7 aprel 2006-cı il tarixində təqaüdə çıxıb.
Atadan oğula Cənubi Qafqaz
Candan bəy atası kimi daim Azərbaycana bağlı insan olub. Təqaüdə çıxdıqdan sonra keçmiş Qarabağ problemi ilə bağlı akademik məqalələr də yazıb. Onun ən qiymətli əsəri isə 2011-ci ildə “Truva” nəşriyyatında işıq üzü görən “Babadan Oğula Güney Kafkasya. Türkiye-Güney Kafkasya İlişkileri” kitabı olub. 648 səhifəlik geniş həcmli kitabın böyük qismi tarixə keçmişə həsr edilib, 200 səhifəlik bölümü isə 1990-cı illərin əvvəlində ölkəmizdə baş verən proseslərlə bağlıdır. Azərbaycana səfəri çərçivəsində görüşdüyü siyasilərin portretini yaradan Candan bəy bir diplomat müşahidəsilə qiymətli məlumatlar verib. Atasının məmləkətinə olan səfərini kitabının girişində bu təsirli cümlələrlə ifadə edib: “1991-ci ilin yay aylarında SSRİ-nin süqutu ilə Orta Asiyaya qədər uzanan xətt boyunca yerləşən bir çox ölkə yenidən müstəqillik qazanmışdı. Ancaq nazirliyimizin strukturunda həmin ölkələrlə münasibətləri tənzimləyə biləcək ayrıca bir bölmə mövcud deyildi. Eyni zamanda dünyanın dəyişdiyi və soyuq müharibənin başa çatdığı təəssüratı formalaşmışdı. Nazirliyimizin bu yeni geosiyasi reallığa cavab verəcək şəkildə yenidən təşkil olunmasının zəruriliyi aydın idi. Məhz bu yeni vəziyyətlə əlaqədar aparılan strukturlaşma prosesində mənə “Cənubi Qafqaz ölkələri ilə münasibətlər üzrə baş direktor müavini” vəzifəsi təklif olundu. Bu təklifi həyəcanla qəbul edərək fəaliyyətə başladım. Türkiyənin həm tarixi, həm də gələcəyə yönəlik milli maraqları baxımından bu vəzifənin xüsusi əhəmiyyət kəsb etməsi səbəbindən ona böyük həvəslə yanaşdım. Həyəcanımı artıran amillərdən biri də atamın Azərbaycan (Naxçıvan) mənşəli olması idi”.
.jpg)
Candan bəyin bu kitabının digər önəmli tərəfi atası Abdulla Sultanzadənin 1916-1924-cü illərdəki fəaliyyətinə dair gündəliyindən bəzi hissələri olduğu kimi çap etməsidir. Sultanzadənin xüsusilə Batumdan Türkiyəyə qaçış hekayəsi ilə bağlı qeydləri onun bioqrafiyası baxımından əhəmiyyətlidir. Özü də kitabının girişində məqsədini bu şəkildə izah edib: “İlkin niyyətim atamın xatirələri ilə öz qeydlərimi birləşdirərək onları toplu halında təqdim etmək idi. Lakin Qafqaza gəlişimiz, tarix boyu bu bölgə ilə, xüsusilə Azərbaycan və Ermənistanla münasibətlərimizin daha geniş prizmadan işıqlandırılması zərurəti ilkin, təvazökar planımızı dəyişdirməyə məcbur etdi. Nəticədə özümü səlahiyyətli hesab etmədiyim elmi araşdırmanın dərinliyinə varmadan şəxsi kitabxanamda mövzu ilə bağlı mövcud əsərləri bu baxımdan nəzərdən keçirərək onları toplu kitab halına salmağa yönəldim”.
“Ermənistana verilmiş Zəngəzur bölgəsi üzərindən...”
Candan bəy kitabında Azərbaycana səfərinin tarixini bu şəkildə göstərib: “Ölkəmizdə 1991-ci ilin oktyabrında keçirilmiş ümumi seçkilərin nəticəsi olaraq noyabr ayında qurulan DYP/SHP Koalisiya Hökumətində 27 iyul 1994-cü ilədək xarici işlər naziri vəzifəsini icra etmiş cənab Hikmət Çetinin Azərbaycan və Orta Asiya respublikalarını əhatə edən ilk səfəri çərçivəsində Ankaradan 128 oturacağı tam dolu olan təyyarə ilə 28 fevral 1992-ci ildə havaya qalxdıq. İki saat 30 dəqiqə sonra Bakı hava limanına enəcəkdik. Adlarını çəkdiyim ölkələrə, müstəqilliklərini əldə etdikdən sonra xarici işlər naziri səviyyəsində həyata keçirilən ilk səfər olması baxımından, bu, səfərdə iştirak edən xarici işlər əməkdaşları üçün adi bir nazir səfəri deyildi. Təyyarədəki söhbətlər də bu ab-havanı əks etdirirdi. Nazirimiz bu ölkələrə səfir təyin olunmuş həmkarlarımızı da özü ilə apardığı üçün onlarla zarafatlaşır, söhbətləşir, qar mənzərəsini seyr edir, açığı, xoş vaxt keçirirdik. Bakıya qədər davam edən uçuş zamanı bizi həyəcanlandıran yeganə mənzərə Ağrı dağı idi. Ermənilərin öz milli simvolları kimi qəbul etdikləri, lakin ətəyindən zirvəsinədək bütün torpağı ilə türk olan bu möhtəşəm dağın cənubundan keçərək Naxçıvana, oradan isə Stalin dövründə Azərbaycandan ayrılaraq Ermənistana verilmiş Zəngəzur bölgəsi üzərindən nəhayət indiki Azərbaycanın əsas ərazi hissəsinə çatdıq. Naxçıvan üzərinə gəldiyimiz zaman təyyarədəki həmkarlarım rəngimin dəyişdiyini, həyəcanlı göründüyümü bildirərək məni xəbərdar etdilər. Təyyarəmiz Bakıya yaxınlaşdıqca bu xəbərdarlıqlar daha da artdı. Onlar düzgün müşahidə etmişdilər. Təyyarə Bakı hava limanına endikdə sanki nitqimin tutulduğunu hiss edir, deyilən sözlərə süni bir təbəssümlə cavab verməyə çalışdığımın fərqinə varırdım. Həyəcanlanmaqda isə, doğrusu, kifayət qədər haqlı idim. Çünki atamın həmin gündən 67 il 3 ay 18 gün əvvəl tərk etmək məcburiyyətində qaldığı Qafqaz torpaqlarına indi mən, Xarici İşlər Nazirliyinin heyətində bu bölgəyə cavabdeh elçi rütbəli bir diplomat kimi gedirdim”.
.jpg)
Candan bəyi hava limanında Azərbaycandakı qohumlarından Zahid Sultanzadə və digərləri qarşılayıblar. Azər Bakıda olduğu müddətdə Türkiyə ilə Azərbaycan arasında qurulan münasibətlərin inkişafında xüsusi rol oynayıb. O, Azərbaycanda olarkən Naxçıvandakı ata evini də ziyarət edib.
Həm azərbaycanlı bir atanın oğlu, həm də qardaş Türkiyənin diplomatı kimi Candan bəy fəaliyyəti boyunca Azərbaycanın mövqeyini müdafiə edib. Onun 2008-ci ildə verdiyi bir müsahibəsindəki fikri də uzagörən bir diplomat olduğunu göstərməkdədir: “İşğal edilmiş torpaqların danışıqlar yolu ilə geri qaytarılması çox çətindir. Mən Azərbaycanın öz torpaqlarını geri alacağına inanıram”.
Candan Azər 6 oktyabr 2014-cü ildə vəfat edib. Atasının işinə görə dünyanın müxtəlif ölkələrində yaşamış Bergin Azər 2024-cü ildə “Bir Diplomat Çocuğunun Anıları” adlı xatirələr kitabını çap etdirib.