BAKI, 7 fevral. TELEQRAF

Ukraynadakı müharibə Moskva və Kiyev arasında danışıqlar aparılmadan bitməyəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Açığını deyim ki, istənilən danışıqlarda hər iki tərəf güzəştə getməlidir, danışıqlar belə işləyir”, - Amerika rəsmisi bildirib.

Kelloq belə bir razılaşmanın tərəflər üçün məqbul və ya qənaətbəxş olmayacağını, ancaq bir tarazlığın tapılmalı olduğunu qeyd edib.

Xüsusi nümayəndə əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp sentyabrda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə nəinki müharibənin sülh yolu ilə həllinin vaxtının çatdığını, həm də yekun razılaşmanın hər iki tərəf üçün faydalı ola biləcəyini söyləyib.

Xatırladaq ki, Tramp bundan əvvəl Rusiya-Ukrayna münaqişəsinin həllinə dair razılaşmanın çox da uzaq olmayan gələcəkdə əldə olunacağına ümid etdiyini bildirib.