BAKI, 7 fevral. TELEQRAF

Türkiyənin Almaniyadan almaq istədiyi 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarələri ilə bağlı diqqətçəkən məqamlar üzə çıxıb. Bu təyyarələrlə yanaşı, onlara inteqrasiya olunmuş “Meteor” raketlərinin də Ankaraya çatdırılacağı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

İsrail mətbuatının yazdığına görə, Berlin döyüş təyyarələrinə inteqrasiya olunmuş raketlərin Türkiyəyə satışını təsdiqləyəcək.

“Meteor” hava-hava tipli raketlərinin Türkiyəyə satışının təsdiqlənəcəyi gözlənilir. Bu təkmil silahların satışının təsdiqlənməsi “Eurofighter Typhoon” təyyarələrinin yaxın gələcəkdə Ankaraya satılacağını da göstərə bilər”, - məlumatda deyilir.

Qeyd olunur ki, raket satışı Afinada böyük narahatlıq yaradıb:

“Yunanıstan müdafiə naziri Dendias, Baş nazir Mitsotakis və xarici işlər naziri Qrafteritis Fransa səfiri Loren Avadı görüşə çağırıb. Dandias “Meteor” raketlərinin Türkiyəyə mümkün satışı ilə bağlı rəsmi məlumat istəyib”.

“Türkiyə” yazır ki, “Meteor” qabaqcıl raket kimi seçilir və sürətli reaktivlərdən tutmuş PUA-lara qədər geniş spektrli hədəflərə qarşı istifadə edilə bilər:

“Müasir hava döyüşünün mürəkkəb şəraitinə uyğunlaşmaq üçün nəzərdə tutulmuş bu sistem “Eurofighter Typhoon” təyyarələrini bütün hava şəraitində yüksək dəqiqliklə təmin edir.

“Meteor”un diqqətçəkən xüsusiyyətlərindən biri inkişaf etmiş aktiv radar axtarışı sayəsində elektron tıxanmalara məruz qalma durumlarında belə hədəfləri uğurla aşkarlayaraq məhv etməsidir. Həmçinin ötürülən məlumatlara uyğun olaraq, bu raketlər çevik şəkildə əməliyyat istiqamətlərini dəyişdirə bilir.

Raket həmçinin uçuş boyu fasiləsiz zərbə mexanizminə malikdir, sistemin bu özəlliyi hədəflər üçün “qaçışı olmayan zona”nı genişləndirir və onların qaçma şanslarını minimuma endirir”.