TBİLİSİ, 7 fevral. TELEQRAF

Gürcüstanın paytaxtı Tbilisidə, İmereti və Sameqrelo bölgələrində həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində “oğru dünyası” ilə əlaqəli 26 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxslərin 3-ü “qanuni oğru” olmaqla 4-nə qiyabi ittiham irəli sürülüb. Belə ki, həmin üç şəxs - Ceyran Kintsuraşvili, “Entso” ləqəbli Kako Tuğuşi və “Mamuka Xonski” ləqəbli Mamuka Çxaberidze hazırda Gürcüstanın hüdudlarından kənardadır.

İstintaqla müəyyən edilib ki, saxlanılan “kriminal aləm”in üzvləri və “kriminal aləm” tərəfdarları vətəndaşlar arasında yaranmış maliyyə mübahisələrinin həllinə cəlb olunublar. Təqsirləndirilən şəxslər xaricdəki “qanuni oğru”larla əlaqə saxlayıblar və şəxsi maraqları naminə “oğru görüşlər”i təşkil ediblər.

Həmin şəxslərin üzərilərində və yaşayış evlərində aparılan axtarışlar nəticəsində onların bir-biri ilə və xaricdəki “qanuni oğru”larla əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonlar, həmçinin odlu silah, tapançalar, patronlar və narkotik vasitə olan marixuana götürülüb.

İstintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməllərinə görə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.