
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) son vaxtlar Myanmada artan münaqişələrlə bağlı bəyanat yayıb.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda Türkiyə bölgəyə humanitar yardımların çatdırılması ilə bağlı çağırış edib.
Bəyanatda bildirilir ki, son günlərdə başda Rohinqa müsəlmanları olmaqla, Arakan əyalətindəki mülki əhaliyə qarşı edilən hücumlar və on minlərlə insanın yerindən didərgin edilməsinə yol açan hüquq pozuntuları ilə bağlı xəbərlər Türkiyəni dərindən kədərləndirir.
Nazirlik münaqişə tərəflərini beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına əməl edərək mülki əhali və infrastrukturu qorumağa, zor tətbiq edilərək silah altına alınmalar da daxil olmaqla, etnik və ya dini münaqişələri artıracaq hərəkətlərdən çəkinməyə, təcili və fasiləsiz humanitar yardım göstərmək üçün bölgəyə girişə icazə verməyə çağırıb.