Moskvada Ukrayna ordusunun Rusiya Silahlı Qüvvələrinin müdafiə xəttində iki istiqamətdə mümkün irəliləyişi ilə bağlı dilemma yaranıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
Kəşfiyyat məlumatına görə, Rusiya Zaporoje vilayətinin mərkəzi hissəsində və Ukraynanın cənubunda, xüsusilə Vasilivka və Orixov arasında müdafiəni gücləndirir. Ruslar cəbhənin bu hissəsində böyük qüvvələr saxlayırlar.
“Rusiyanın müdafiəni gücləndirməyə çalışması göstərir ki, komandanlıq Ukraynanın iki istiqamətdə mümkün irimiqyaslı hücumundan narahatdır: ya Luqansk vilayətinin şimalında, ya da Zaporojedə”, - məlumatda deyilir.
İddiaya görə, Ukrayna ordusunun Zaporojedə irəliləyişi Rusiyanın Rostov vilayəti ilə Krımı birləşdirən quru körpüsünün fəaliyyətini ciddi şəkildə pozacaq. Ukraynanın Luqanskdakı uğuru isə Rusiyanın Donbası tam ələ keçirmək planını isə alt-üst edə bilər.
“Bu təhdidlərdən hansına birinci qarşı çıxacağına qərar vermək, çox güman ki, ruslar üçün əsas dilemmalardan biri olacaq”, - məlumatda qeyd edilir.