Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Qriffits Ukraynanın Qara dəniz limanlarından ilk yüklərin bu gündən daşına biləcəyini, lakin gəmilərin təhlükəsiz keçməsi ilə bağlı “həyati detallar”ın hələ də müzakirə edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə, Rusiya və Ukrayna hərbi rəsmiləri keçən həftə imzalanmış taxıl sazişinin standart əməliyyat prosedurları üzərində İstanbuldakı Birgə Koordinasiya Mərkəzində BMT qrupu ilə işləyirlər.
O, anlaşmaya görə Türkiyəyə təşəkkür edib: “Peşəkar həyatımda heç vaxt bir sazişlə bağlı danışıqlar prosesində belə təcrübənin şahidi olmamışam".
Qriffits deyib ki, razılaşmaya uyğun olaraq ətraflı danışıqlar aparılır: “Bu standart əməliyyat olmadan gəmilərin təhlükəsiz keçidini təmin edə bilmərik”.
İndiyə qədər ciddi problemin olmadığını deyən Qriffits qeyd edib ki, müzakirə edilən məsələlərdən biri dəhlizin dəqiq koordinatları ilə bağlıdır: “Gəmiləri sığortalayan şirkətlər əmin olmalıdırlar ki, həm gəmilər, həm də onların ekipajları mina və ya hücum təhlükəsi olmadan təhlükəsiz səyahət edəcəklər. Bu elementlər ümumiyyətlə daşınmada qəbul edilən standart əməliyyat prosedurları çərçivəsindədir. Söhbət limanlardan çıxmağa hazır olan bir, iki və ya hətta üç gəmidən getmir”.
Qriffits əlavə edib ki, gəmilər təhlükəsiz hərəkət etməlidir və bunun üçün də dəhlizin harada olduğu dəqiq bililməlidir: “Ümid edirik ki, ilk gəmilər günlər ərzində, hətta sabah limanları tərk edəcək”.
Ukrayna limanlarından taxıl ixracatının yenidən başlaması əməliyyatının humanitar deyil, kommersiya xarakterli olduğunu vurğulayan BMT rəsmisi yoxsul ölkələrə üstünlük veriləəcyinə ümid etdiklərini ifadə edib.