Türkiyə Suriyanın şimalında hərbi əməliyyat hazırlıqlarını başa vurduğu ərəfədə Rusiya və Suriya birgə hərbi təlimlərlə başlayıb.

Teleqraf.com xəbər verir ki, Suriyanın Türkiyə ilə sərhədində hərəkətlilik davam edir.

SANA xəbər agentliyi Suriya və Rusiya ordularının birgə manevr keçirdiyini açıqlayıb. Gecə yarısı keçirilən təlimdə Suriya ordusunun əsgərləri rus təlimatçılarla birlikdə döyüş təyyarələrindən paraşütlə atılıb.

Rusiya və Suriyanın birgə təlimi prezident Rəcəb Tayyib Ərdoğanın ötən həftə İranda Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra keçirilib.

Əsəd administrasiyasından verilən açıqlamada birgə təlimin əhəmiyyəti vurğulanıb:

“Birgə təlimlər iki ordunun terrorla mübarizə kontekstində həyata keçirdiyi ortaq vəzifələrdəndir. Son məşq də iki dost arasında harmoniyanın nə dərəcədə yüksək olduğunu göstərdi”.

Təlimdən sonra Suriya Ordusu da mesaj verib. Ordunun yaydığı məlumatda hər cür hücum və təhdidlərə qarşı hazırıq mesajı verilib, Rusiyanın dəstəyi təqdir olunub.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları İzləmə Təşkilatı Əsəd rejiminə bağlı hərbçilərin bölgədə möhkəmlənməyə çalışdıqlarını açıqlayıb.

PKK/PYD/YPG-nin təşkil etdiyi və ABŞ-a arxalanan Suriya Demokratik Qüvvələri, nəhayət, Rusiyadan kömək istəyib. Terror təşkilatının lideri Mazlum Abdi Rusiyanı yetərli addımlar atmamaqda ittiham edib və daha fəal olmasını istəyib.

Qeyd edək ki, Rusiya, ABŞ və İran daha əvvəl Türkiyənin mümkün əməliyyatına qarşı bəyanatlar veriblər.