BAKI, 8 avqust. TELEQRAF

"Keçən ilin avqustunda Vaşinqtonda baş tutan görüş Azərbaycan-ABŞ ikitərəfli əlaqələri baxımından da mühüm tarixi əhəmiyyətə malikdir. Məhz həmin görüşün nəticəsində dövlətlərarası münasibətlərimiz keyfiyyətcə yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoydu".

Teleqraf xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ünvanladığı məktub qeyd edilib.

Məktubda qeyd edilib: "6 ay sonra Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri və səfər zamanı qarşılıqlı sərmayə, ticarət, enerji, bağlantılar, nəqliyyat, süni intellekt, təhlükəsizlik sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, habelə son bir il ərzində reallaşmış ali və yüksək səviyyəli təmaslar və əldə olunmuş razılaşmalar qısa zaman kəsiyində qət etdiyimiz uğurlu yolun və Sizin Azərbaycan-ABŞ əlaqələrinin inkişafına verdiyiniz önəmin göstəricisidir.

Eyni zamanda “Azadlığı Müdafiə Aktı”na ayrı-seçkilik səciyyəli 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə Sizin qərarınızı tarixi ədalətin bərpası istiqamətində önəmli addım olaraq qiymətləndiririk.

Fəxrlə deyə bilərik ki, Azərbaycan-ABŞ əlaqələrinin bugünkü səviyyəsi 34 illik diplomatik münasibətlərinin tarixində ən yüksək zirvədə qərarlaşmışdır. Bu böyük nailiyyətə, o cümlədən strateji tərəfdaşlığımızın təşəkkülündə və dərinləşməsində əvəzsiz xidmətlərinizə görə Sizə şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından bir daha təşəkkürümü ifadə edirəm.

Biz bundan sonra da Azərbaycan ilə ABŞ arasında dostluğa, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu istiqamətdə Sizinlə birgə çalışmağı səbirsizliklə gözləyirik.

Sizə dərin hörmət və ehtiramlarımı izhar edir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının əmin-amanlığı, rifahı və firavanlığı naminə şərəfli və məsul fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram".