BAKI, 8 avqust. TELEQRAF

ABŞ Dövlət katibi Marko Rubio Ermənistan və Azərbaycanın Vaşinqtonda birgə bəyannaməsinin imzalanmasından bəri son bir il ərzində əldə edilən razılaşmaların, o cümlədən Trampın Beynəlxalq Sülh və Rifah üçün Yol Xəritəsinin (TRIPP) yaradılmasında əhəmiyyətli irəliləyişlərin əldə edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Rubionun sözlərinə görə, bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edib və dövlət katibinin qeyd etdiyi kimi, Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoyan və yeni nəqliyyat layihəsinin təməlini qoyan sənədin imzalanması mərasimində iştirak edib.

Rubio açıqlamasında bildirib ki, son 12 ay ərzində ABŞ Ermənistan və Azərbaycanla çiyin-çiyinə işləyərək bu vədi real irəliləyişlərə çevirib.

O qeyd edib ki, dəmir yolu, yol, enerji və rəqəmsal infrastrukturun modernləşdirilməsini nəzərdə tutan TRIPP tədricən reallığa çevrilir. Ermənistanda dəmir yolu sektoru üçün mühəndislik tədqiqatları artıq başlayıb, Azərbaycan isə Ermənistan infrastrukturuna qoşulmalı olan yol və dəmir yollarının tikintisini başa çatdırmaq üzrədir.

Rubio həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində özəl investisiyaların təşviqi üçün yaradılan Trans-Xəzər Sahibkarlıq Fondunun fəaliyyətə başladığını elan edib. Fond bu yaxınlarda seçilmiş direktorlar şurası tərəfindən idarə olunur və ABŞ hökumətindən 201 milyon dollar vəsaitlə kapitallaşdırılıb.

Dövlət katibi bildirib ki, sülh ABŞ, Ermənistan və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə yol açıb və bu, hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək".

Onun sözlərinə görə, TRIPP təkcə infrastruktur layihəsi deyil, həm də ABŞ və digər ölkələr üçün ticarət imkanlarını genişləndirə biləcək Transxəzər ticarət marşrutunda (Orta Dəhliz) mühüm bir halqadır.

Rubio iqtisadi əməkdaşlığı uzunmüddətli münaqişələrin həllindən sonra sülhün möhkəmləndirilməsi üçün bir model adlandıraraq, sülh və rifahın bir-birini gücləndirdiyini vurğulayıb.

Dövlət katibi əmin edib ki, Vaşinqton əldə edilmiş razılaşmaları möhkəmləndirmək və Cənubi Qafqazda sabit və uzunmüddətli sülhü təşviq etmək üçün İrəvan və Bakı ilə işləməyə davam etmək niyyətindədir.