BAKI, 8 avqust. TELEQRAF

"Amerika Birləşmiş Ştatlarının ev sahibliyi ilə 2025-ci ilin 8 avqust tarixində Azərbaycan ilə Ermənistan arasında sülhün təməlini qoyan tarixi Vaşinqton Zirvə Görüşündən bir il ötür".

Teleqraf xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ünvanladığı məktub qeyd edilib.

Prezident qeyd edib: "Bir il əvvəl Siz öz üzərinizə məsul tarixi missiyanı götürərək Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində dönüş nöqtəsi yaratdınız. Qətiyyətiniz və sarsılmaz iradəniz sayəsində Siz üç onillik ərzində davam edən münaqişənin tamamilə sona çatmasına, xalqlarımız üçün barışığın və qarşılıqlı tərəfdaşlıq dövrünün əsasını qoymağa nail oldunuz.

Ağ Evdə Sizin şahidliyiniz ilə imzaladığımız üçtərəfli Birgə Bəyannamə, Azərbaycan ilə Ermənistan arasında paraflanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qəbul edilən birgə müraciət regionda davamlı sülhün və sabitliyin təmin olunmasında həlledici rol oynadı, gələcək dayanıqlı inkişaf və qarşılıqlı əməkdaşlıq üçün parlaq səhifə açdı. Eyni zamanda sülhquruculuğu səylərinizin mühüm nəticələrindən biri də – TRIPP layihəsi Cənubi Qafqazda çoxtərəfli iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının inkişafı və təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir. Regionun sülh gündəliyinin təşviqi ilə əlaqədar nümayiş etdirdiyiniz güclü liderliyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm".