BAKI, 8 avqust. TELEQRAF

“Bu gün Azərbaycanın gözəl guşələrindən biri olan Mingəçevir şəhərində yarış artıq beşinci dəfə keçirildi və uğurla başa çatdı. Statistikaya nəzər salsaq, hər il olduğu kimi, bu dəfə də iştirakçıların sayında təxminən 20-30 faiz artım olduğunu görürük”.

Teleqraf xəbər verir ki, bunu “Kürü keçək?! 5” açıq suda üzmə yarışında Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev deyib.

Federasiya rəhbəri yarışın əsas məqsədinin sağlam həyat tərzini və üzgüçülüyü təbliğ etmək olduğunu bildirib:

“Bu yarış əslində təkcə Kür çayını keçməkdən ibarət deyil. Eyni zamanda sağlam həyat tərzinin təbliğinə xidmət edir və insanlara gözəl sosiallaşma imkanı yaradır. Həmfikir insanlar burada bir araya gəlir, Kür çayını keçir, bir-biriləri ilə tanış olur və gözəl istirahət günü keçirirlər”.

Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının əsas hədəflərindən birinin bu idman növünün kütləviliyini artırmaq olduğunu vurğulayıb:

“İstəyirik ki, daha çox insan üzgüçülüklə məşğul olsun. Üzgüçülük sağlam həyat tərzinin bir hissəsidir və uzunömürlülük baxımından da çox faydalı idman növüdür”.

Federasiya prezidenti builki yarışda ilk dəfə 1000 metr məsafənin də proqrama daxil edildiyini qeyd edib:

“Bu il əvvəlki illərdən fərqli olaraq 1000 metr məsafədə də yarış təşkil edildi və kifayət qədər çox iştirakçı bu məsafədə qüvvəsini sınadı. Xarici ölkələrdən də yarışa qatılanlar oldu və onların arasında medal qazanan iştirakçılar da var idi”.

Zaur Əliyev növbəti illərdə yarışın əhatə dairəsinin daha da genişləndirilməsinin planlaşdırıldığını bildirib:

“Gələcəkdə bu cür tədbirlərin sayını artırmağa çalışacağıq. Növbəti il yarışın təbliğatını daha geniş aparmaq və daha çox insanın iştirakına nail olmaq istəyirik”.