BAKI, 20 noyabr. TELEQRAF

Yunan-Roma güləşi üzrə U17 milli komandamız Gürcüstanda təşkil olunan beynəlxalq yarışda uğurla çıxış edərək çempion olub.

Teleqraf xəbər veeir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan 10 komandanın iştirak etdiyi yarışda böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşviq Məmmədovun rəhbərliyi altında heyətdə Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı, Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov, Hüseyn Mustafazadə (hər ikisi 55 kq), Abdurahman Hüseynli, Qurban Məcnunov (hər ikisi 60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov, Zəka Yusubov (hər ikisi 80 kq), Zöhrab Səfərov, Ruslan Nuriyev (hər ikisi 92 kq) və Məhəmməd Orucov (110 kq) yer alıb.

Turnir çərçivəsində ümumilikdə 5 görüş keçirən yığmamız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandamız ardıcıl olaraq Ermənistanın Gümrü və İrəvan, eləcə də Gürcüstanın Batumi şəhərinin komandasını, yarımfinalda isə təşkilatçı ölkənin yığma komandasını məğlub edib.

Finalda Acarıstan komandasıyla görüş gərgin mübarizə şəraitində baş keçib. Qarşılaşmada ümumi hesab 5:5 olsa da, təmiz qələbələrin sayında üstün olan millimiz çempionluq kubokuna sahib çıxıb.

Bu turnir yeniyetmə güləşçilərimizin beynəlxalq yarış təcrübəsinin artırılması və qarşıdakı rəsmi turnirlərə hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.