BAKI, 30 oktyabr. TELEQRAF

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün Azərbaycanın dörd sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Teleqraf xəbər verir ki, Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.

Arseniy Djioyev 1/16 final mərhələsində Bəhreyn təmsilçisi Xıdır Saypudinovla üz-üzə gələcək. Nurəddin Novruzov 1/8 finalda O.Asan Uulu – A.Aytəkin cütünün, Kənan Heybətov isə V.Şuptar – K.Çoe qarşılaşmasının qalibi ilə görüşəcək. Giorgi Meşvildişvilinin rəqibi N.Batbayar – D.Xramankov cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.