BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycanda dini etiqad azadlığı var və onun təminatçısı dövlətimiz, Konstitusiyamızdır. Hər kəs Azərbaycanda öz inancına uyğun olaraq ibadət edir.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanda məscidlər təmir olunur, yeniləri inşa edilir.

"Eyni zamanda Qarabağda işğaldan azad edilmiş torpaqlarımızda erməni vandallarının dağıtdığı məscidlərimiz yenidən bərpa edilir. Ancaq belə olan halda, məhz 30 illik işğal dövründə ermənilərə kömək edən SEPAH dairələri bu gün Azərbaycana guya "din" ixrac edirlər. Bu, Azərbaycan xalqını fars şovinizminin idarəçiliyi altına salmaq cəhdidir. Çünki İrandakı bəzi qruplaşmalar dini də, baş örtüyünü də fars milliyyətçiliyinə xidmət edən vasitə kimi görürlər və İran öz inzibati-siyasi sərhədlərini baş örtüyü ilə müəyyənləşdirir. Onlar belə düşünürlər ki, harada İranda geyinildiyi kimi geyim tərzi, baş örtüyü varsa, bura artıq İranın ərazisidir. Doğrudan da, bu şəkildə bir çox qonşu ölkələrdə dəhşətli mənzərə yaradıblar, onları müharibələrə cəlb edirlər. Ən pisi odur ki, öz təsirləri altına saldıqları insanlara heç vaxt həqiqi İslamla tanış olmağa imkan vermirlər. Həqiqi İslam başqa şeydir. İrandan bizə ixrac edilən fars şovinizmi, İslam adı altında təqdim olunanlar tamamilə başqa bir şeydir. Biz o boyunduruğa baş əyməyəcəyik. Məhz o boyunduruğa baş əyənləri illərdir necə istismar etdiklərini görürük. Ona görə də mənə elə gəlir ki, hər bir Azərbaycan vətəndaşı bunu aydın dərk edir və qiymətləndirir. Bu təsirə düşənlər də, əminəm ki, doğru yola qayıdacaqlar. Biz dini də özümüz kimi yaşamalıyıq və yaşayırıq", - deputat qeyd edib.

H.Babaoğlu vurğulayıb ki, İslam dini nə qədər universal və ümumbəşəri din olsa da, hər bir xalq bu dini özünəməxsus şəkildə yaşayır: "Biz də onu özümüz kimi yaşayırıq və yaşayacağıq. Heç kəsin Azərbaycanın dini hisslərini istismar etməsinə yol verməyəcəyik".