BAKI, 13 oktyabr. TELEQRAF
Raritet avtomobillərin Azərbaycana idxalı ilə bağlı əlavə dəyər vergisi (ƏDV), aksiz və gömrük rüsumlarından azadolmalar vergi və gömrük güzəştlərinin reyestrinə daxil edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında bir şəxs tərəfindən təqvim ili ərzində ən çoxu bir raritet avtomobilin idxalına güzəşt tətbiq ediləcək. Ölkə üzrə idxal edilən belə avtomobillərin ümumi sayı isə 10 ədədi keçməməlidir.
Bundan başqa, Nazirlər Kabinetinin müəyyən etdiyi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları üzrə siyahıya daxil olan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azadolmalar reyestrinə əlavə edilib.
Qərar vergi və gömrük sahəsində güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyasına və müvafiq reyestrin aparılması qaydalarına dəyişiklikləri nəzərdə tutur.
Qeyd edək ki, qərarda nəzərdə tutulan incəsənət əsərləri, kolleksiya və əntiq əşyalarının idxalı ilə bağlı azadolma müddəası 2026-cı il yanvarın 1-dən tətbiq edilir.