BAKI, 8 noyabr. TELEQRAF
Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan dövləti bu təməl üzərində qurulub. Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.
Dövlət başçısı qeyd edib:
"Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur. Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir.
Mən bu gözəl bayram günündə bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu qeyd etmək istəyirəm. Çünki ancaq böyük xalq əzab-əziyyətlərə baxmayaraq, 30 illik işğala baxmayaraq, - baxmayaraq ki, Ermənistanın arxasında dayanan böyük dövlətlər bizi hədələyirdi, - iradə göstərdi və mənə dəstək verərək Qələbəmizi şərtləndirdi.
Bu gözəl bayramı qeyd edərkən hər birimiz haqlı olaraq qürur hissi keçiririk. Eyni zamanda, hər birimiz bu yolda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edirik. Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Əminəm ki, belə də olacaq. Bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir".
Azərbaycan xalqına eşq olsun! Silahlı Qüvvələrimizə eşq olsun! Yaşasın Azərbaycan!"