BAKI, 8 noyabr. TELEQRAF

“Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi”.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.

“Ermənistan işğal edilmiş ərazilərdə bir neçə istehkam qurmuşdur. Bəzi yerlərdə 6-7 müdafiə xətti qurulmuşdu. Bütün yerlər minalanmışdır. Tikanlı məftil, istehkamlar, əlverişli mövqelər, təpələr, dağlar - bütün bunlar bizim üçün böyük çətinliklər yaradırdı.

Ermənistan tərəfi əmin idi ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edə bilməyəcək, yaxud da ki, kimsə bizə bu icazəni verməyəcək. Onlar səhv etdilər və Azərbaycan xalqı bir daha bütün dünyaya nə qədər böyük xalq olduğunu göstərdi. Bizim əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verib şəhid olmuşlar, yaralanmışlar, şəhadət zirvəsinə ucalmışlar. Yəni bizi irəliyə aparan milli ruhumuz idi.

Təbii ki, uzun illər ərzində ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amma Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi. Bizi irəliyə aparan yol ləyaqət yolu idi. Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Mən işğal dövründə dəfələrlə müxtəlif tədbirlərdə açıq bəyan edirdim ki, Azərbaycan işğalla barışmayacaq. Baxmayaraq ki, Ermənistanın arxasında dayanan ölkələr bizi bu işğalla barışdırmaq istəyirdilər. Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur.

Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər. Azərbaycana qarşı aparılan genişmiqyaslı qarayaxma, şər-böhtan kampaniyası, Azərbaycan dövlətini, xalqını və rəhbərliyini gözdən salmaq üçün qurulan bütün təxribatlar heç bir nəticə vermədi. Mən dəfələrlə bildirirdim ki, biz heç vaxt işğalla barışmayacağıq, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik”, - Prezident vurğulayıb.